İnstitutda yerinə yetirilmiş elmi işlərin nəticələrinə görə institutun əməkdaşları 200-dən çox müəlliflik şəhadətnaməsi almışdır.
Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri keçmiş SSRİ Xalq Nailiyyətləri və digər ölkələrin Sərgi Mərkəzlərində dəfələrlə nümayiş etdirilmişdir, o cümlədən 7 qızıl, 11 gümüş və 2 bürünc medalla mükafatlandırılmışdır.
Elmdə qazandıqları nailiyyətlərin tətbiqinə görə institut əməkdaşları ayrı-ayrı dövlət mükafatlarına layiq görülmüşlər:
1. “Yüksəkmərtəbəli binalar üçün konstruksiyaların və ehtiyatlara qənaətedici tikinti texnologiyalarının işlənməsi”nə görə Respublika Lenin Komsomolu mükafatı laureatı (2 nəfər).
2. “İstifadə edilmiş xammallardan təbiəti mühafizə konstruksiyalarının işlənməsi”nə görə Ümumittifaq Lenin Komsomolu mükafatı laureatı (1 nəfər).
3. “Gilli qruntlarda su təsərrüfatı qurğularının inşasının səmərəli üsullarının işlənməsi”nə görə SSRİ Nazirlər Sovetinin mükafatı (1 nəfər).
4. Ümumittifaq Xalq Nailiyyətləri Sərgi Mərkəzinin laureatları (5 nəfər).
5. “Respublikanın əməkdar memarı” fəxri adına (2 nəfər).
AzİMETİ-nin fəaliyyətinin əsas məqsəd və vəzifələri respublika tikinti kompleksinin inkişafı və təkmilləşdirilməsi üçün aşağıdakılardan ibarətdir:
- memarlıq və inşaat elmi sahəsində elmi tədqiqatların yerinə yetirilməsi;
- müxtəlif tip binalarda quraşdırılmış müasir seysmometrlər vasitəsilə zəlzələ və güclü küləklər zamanı binaların özlərini aparma tərzinin öyrənilməsi və layihələndirmədə tətbiq üçün müşahidələrin aparılması;
- bina və qurğuların istismar müddətində uzunömürlülüyünün, etibarlılığının və təbii fəlakətlərə (zəlzələlərə, sürüşmələrə və s. proseslərə) qarşı dayanıqlılığının təmin olunması istiqamətində tədqiqatların aparılması;
- binaların və qurğuların, inşaat konstruksiyalarının və tikinti materiallarının tədqiqi;
- bina və qurğuların, yeni konstruktiv həllərinin işlənilməsi, hesablama metodlarının təkmilləşdirilməsi və metodlardan alınmış nəticələrin təhlili;
- tikilililərin qrunt əsaslarının, bünövrələrinin tədqiqi;
- bina və qurğuların mürəkkəb qrunt şəraitində (sürüşən, şişən və çökən qruntlarda) tikilməsi üçün tədqiqatların aparılması və rəylərin verilməsi;
- bina və qurğuların dayanıqlığının artırılması və fəza sərtliyinin təmin olunması üçün gücləndirilmə və bərpa layihələrinin işlənməsi;
- elmi-tədqiqat işlərinin nəticələrinin layihələndirmədə və praktikada tətbiqi üçün metodiki göstərişlərin, vəsaitlərin və s. işlənməsi.
AzİMETİ-də 35 il ərzində minlərlə elmi-tədqiqat və mühəndis araşdırma işləri yerinə yetirilmişdir. Yerinə yetirilmiş işlərdən alınmış nəticələr layihələndirmə və praktikada tətbiq olunmuşdur. İstər istismar müddətində, istərsə də təbii fəlakətlər nəticəsində deformasiyalara məruz qalmış bina və qurğuların gücləndirilməsində, bərpasında və rekonstruksiyasında tətbiq olunmuş nəticələr ölkənin tarixi və müasir tikililərinin təhlükəsiz istismarına imkan yaratmışdır.
AzİMETİ-də bina və qurğuların zəlzələyədavamlılığı , zədələnmiş və deformasiyaya uğramış, qəzalı bina və qurğuların konstruksiyalarının mühəndis müayinəsi, gücləndirilməsi, bərpası və onların bünövrələrinin, qrunt əsaslarının möhkəmləndirilməsi istiqamətində aşağıdakı işlər yerinə yetirilir:
- istismarda olan bina və qurğuların zəlzələyədavamlılığının qüvvədə olan tikinti normalarına uyğun qiymətləndirilməsi;
- qəza vəziyyətində olan və ya rekonstruksiyası tələb olunan binaların mühəndis müayinəsi, onların bərpası və gücləndirilməsi üçün təkliflərin və layihələrin işlənməsi;
- memarlıq və tarixi abidələrin müayinəsi, mühafizəsi, bərpası və gücləndirilməsi üçün təkliflərin işlənilməsi;
- bina və qurğuların inşaat konstruksiyalarının texniki vəziyyətlərinin qiymətləndirilməsi, onların gücləndirilməsi və bərpası üçün tövsiyələrin və layihələrin işlənməsi;
- deformasiyaya uğramış bina və qurğuların bünövrələrinin və qrunt əsaslarının müayinəsi və onların gücləndirilməsi üçün mühəndisi tədbirlərin və layihələrin işlənməsi;
- binaların yükdaşıyan konstruksiyalarının materiallarının fiziki-mexaniki xassələrinin təyin edilməsi və yükdaşıma qabiliyyətinin qiymətləndirilməsi;
- tikilməkdə olan binaların konstruksiyalarını təşkil edən materialların (beton, armatur) keyfiyyətinə nəzarət;
AzİMETİ-də yarandığı gündən hal-hazıra qədər bu istiqamətlərdə minlərlə tədqiqat və müayinə işləri aparılmış və onların nəticələri tətbiq olunmuşdur:
Konstruksiyaları deformasiyaya uğramış, qəza vəziyyətinə düşmüş bina və qurğuların mühəndis müayinəsi, yenidən qurulması, bərpa və gücləndirilməsi istiqamətində Bakı şəhərinin memarlıq inciləri və unikal binaları olan Azərbaycan Dövlət Filarmoniyasının, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Nazirlər Kabinetinin, Şəhriyar adına Mədəniyyət Mərkəzinin, Rus Dram Teatrının, Kukla Teatrının, R.Mustafayev adına İncəsənət Muzeyinin, Nizami, Araz, Azərbaycan kinoteatr binalarının və respublikanın ayrı-ayrı yaşayış məntəqələrində yüzlərlə müxtəlif təyinatlı yaşayış, ictimai və sənaye binalarının mühəndis müayinəsi aparılmış və onların gücləndirilməsinə dair mühəndisi təkliflər və layihələr işlənilmişdir.
Bakı şəhərinin Bayıl, Əhmədli yamaclarının sürüşmə əraziləri və s. sürüşən zonalar, respublikanın ayrı-ayrı ərazilərindəki sürüşmə zonaları tədqiq olunmuş, təhlükəsizliyinin təmin olunması üçün mühəndis təkliflər verilmiş və tövsiyələr işlənilmişdir.
7, 8 və 9 ballıq seysmik rayonlarda zəlzələyədavamlı bina və qurğuların layihələndirilməsi dünya təcrübəsi nəzərə alınmaqla qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun şəkildə müasir hesablama sistemləri ilə həyata keçirilir.
İnstitutda yüzlərlə layihə və eksperimental layihə işləri görülmüş və bu layihələr əsasında Bakı şəhərinin və respublikanın müxtəlif regionlarında bina və qurğular tikilərək istifadəyə verilib:
Gəncə və Naxçıvan şəhərlərindəki Olimpiya İdman Kompleksləri, Sumqayıt şəhərində 50 siniflik eksperimental məktəb binası, Bakı ş., Biləcəri qəsəbəsində 300 yerlik xəstəxana kompleksi, Xudafərin və Qız qalası su elektrik stansiyaları üçün yaşayış kompleksləri, Lökbatan qəsəbəsindəki 5 mərtəbəli yaşayış evləri, respublikada ilk dəfə 16 mərtəbəli monolit dəmir-beton özəkli iri panelli yaşayış binaları, Ağstafa şəhərində 32 mənzilli 4 mərtəbəli yaşayış evi, Bakı ş., Binəqədi qəsəbəsi 960 şagird yerlik 205 saylı məktəb binası, Bakı ş., Neftçilər pr-də yerləşən Əl Oyunları sarayının yükdaşıyan konstruksiyalarının gücləndirmə layihəsi, Bakı ş., İstiqlaliyyət küçəsində yerləşən 132 və 134 saylı məktəb binasının yenidənqurma və gücləndirmə layihələri (konstruksiya hissəsi), Bakı ş., Nizami r-nu, Q.Qarayev pr-ti ilə Rüstəm Rüstəmov küçələrinin kəsişməsində “McDonalds” binasının layihəsi, Bakı ş., F.Əmirov küç., 1 və 2 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binalarının fasadlarının yenidənqurma layihələri (konstruksiya hissəsi), Bakı ş., Yasamal r-nu, İ.Nəbiyev küçəsində mövcud 10 mərtəbəli 2, 2a, 2b və 4 saylı yaşayış binalarının fasadlarının yenidənqurma layihələri, Bakı ş., Nərimanov r-nu, Atatürk pr-ti, 117-119, 121-123, 125-127, 129-131, 133-135, 143-147, 149-155, 157- 161, 37-39, 41-43, 45-47 saylı mövcud 9 mərtəbəli yaşayış binalarının fasadlarının yenidənqurma layihələri və s. layihələr.
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu MDB ölkələri arasında tikinti sahəsində əməkdaşlıq üzrə Təşkilat Komitəsi tərəfindən keçirilən X (2014-cü ilin) və XI (2015-ci ilin) Beynəlxalq Müsabiqədə yekunlarına görə iki dəfə qalib diplomına layiq görülmüş və institut ən qabaqcıl layihə və tikinti təşkilatlarının Beynəlxalq Müsabiqəsinin “Qızıl kitab” ına daxil edilmişdir.
АzİMETİ Milli Biznes-Reytinqin Beynəlxalq Reytinq İttifaqının və Azərbaycan Milli Biznes-Reytinqinin Təşkilat Komitəsi 17.09.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasındakı müəssisələrin 2015-ci ilin nəticələri üzrə və “İqtisadi fəaliyyətdə xidmətlər təsnifatı”na uyğun olaraq Ümumdünya Reytinqlər Palatasının məlumatlarına əsasən “Ümumi nominanasiya” (qızıl) və “Cəmi dövriyyə” (qızıl) göstəricilərə görə I yerə layiq görülmüşdür.
Müəssisənin mükafatlandırılması Milli Biznes-Reytinqin Bakı şəhərində yerləşən Təşkilat Komitəsi tərəfindən 12 noyabr 2015-ci ildə həyata keçirilmişdir.