2023-cü ildə London şəhərində İntechOpen beynəlxalq nəşriyyatı tərəfindən işıq üzü görən “Reinforced Concrete Structures - İnnovations in Materials, Design and Analysis” (Dəmir-beton konstruksiyalar. Materialların, layihələndirmənin və təhlillərin yenilikləri) kitabında həmkarımız, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun “Tikinti konstruksiyaları və kommunikasiyalar üzrə normalar” şöbəsinin müdiri tex.elmləri doktoru professor X.Q.Seyfullayevin “Dəmir-beton elementlərin hesablanmasının yeni nəzəri əsasları” əsəri çap edilmişdir.
Bu əsər özündə 2017-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə AzİMETİ-də yerinə yetirilən elmi-tədqiqat işlərinin yekun nəticələrini əks etdirir.
Çap olunan elmi əsərdə beton və dəmir-beton konstruksiyaların indiyə qədər mövcud olan əsas hesablama metodlarının təhlili verilmiş və qüvvədə olan AzDTN 2.16-1-də göstərilən hesablama müddəalarının dünyada qəbul olunan klassik mexanikanın qeyri-xətti deformasiya modeli əsasında təkmilləşdirilməsi yollarına baxılmışdır.
Qeyri-xətti deformasiya modeli əsasında AzDTN 2.16-1-də dəmir-beton elementlərinin birinci və ikinci qrup həddi-hallara hesablanmasının yeni nəzəri əsaslara uyğun təkmilləşdirilməsi dünyada layihələndirmə və elmi tədqiqatlar ilə məşğul olan mütəxəssislərin nəzərinə çatdırılmasına nail olunmuşdur. Hal-hazırda AzDTN 2.16-1-in yeni redaksiyasının kitabda təklif olunmuş qeyri-xətti deformasiya modeli əsasında işlənilməsi üzərində iş aparılır.
Kitab ilə AzİMETİ-də tanış olmaq olar.